ELM VƏ TƏHSİL
Azərbaycanın dilçi aliminin kitabı Türkiyədə çapdan çıxıb
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun “Şirazi və onun Gülşən-i Raz tərcüməsi” adlı yeni kitabı Türkiyədə işıq üzü görüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Ankaradakı “Manas” nəşriyyatında çapdan çıxan kitabın redaktoru Könül Mirzədir. M.Nağısoylunun Türkiyə oxucularına ilk dəfə təqdim olunan bu kitabında “Gülşən-i Raz”ın tərcüməsi ilə bağlı filoloji və linqvopoetik tədqiqatla yanaşı, əsərin mətni də verilib.
“Şirazi və onun Gülşən-i Raz tərcüməsi” əsəri üç fəsildən ibarətdir. Birinci fəsil Şəbüstərinin “Gülşən-i Raz” əsəri və onun türkcəyə ilk klassik tərcüməsi” adlanır. Burada tərcümənin əlyazmaları haqqında məlumatlar əksini tapıb. İkinci fəsil “Gülşən-i Raz”ın tərcüməsi və onun farsca əslinin müqayisəli-linqvistik təhlilinə həsr edilib. “Gülşən-i Raz”ın tərcüməsinin dil-üslub özəllikləri əsərin üçüncü fəslində yer alıb.