ELM VƏ TƏHSİL
“Azərbaycanın dövlət qulluğunda islahatların davam etdirilməsinə dəstək” layihəsinin nəticələri müzakirə olunub
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşən “Azərbaycanın dövlət qulluğunda islahatların davam etdirilməsinə dəstək” Tvinninq layihəsinin rəhbər komitəsinin 8-ci iclası keçirilib.
İclasda Litva Dövlət Katibliyinin katib müavini (Litva tərəfindən layihə lideri), Aİ-nin Azərbaycandakı ofisinin nümayəndəsi, İqtisadiyyat Nazirliyinin nümayəndəsi (Layihələrin İdarəedilməsi Ofisi), Dövlət İmtahan Mərkəzinin (DİM) strateji İnkişaf şöbəsinin müdiri (Azərbaycan tərəfindən layihənin rəhbəri), eləcə də rezident Tvinninq məsləhətçisi və digər layihə əməkdaşları iştirak ediblər.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iclasın əsas müzakirə mövzusu layihənin 8-ci trimesteri dövründə nail olduğu əsas nəticələr və layihənin həyata keçirilməsi zamanı yaranmış çətinliklər olub. Layihənin rezident Tvinninq məsləhətçisi qeyd edib ki, 8-ci trimesterdə 14 ekspertin iştirakı ilə 11 missiya həyata keçirilib, fəaliyyətin qiymətləndirilməsi üzrə pilot layihə başa çatıb və layihənin III və IV komponentləri üzrə fəaliyyətlər həyata keçirilib.