ELM VƏ TƏHSİL


Azərbaycanın gənc aliminin adı dünyada ən çox istinad olunan alimlərin siyahısında yer alıb

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev “Clarivate Analytics” (“Thomson Reuters”) və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Awards-2018” mükafatına layiq görülüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, gənc alim bu yüksək mükafatı “Web of Science” elmi bazasında yüksək istinad almış iki məqalənin müəllifi nominasiyasına görə qazanıb.

Qeyd edək ki, bu günlərdə “Clarivate Analytics” şirkəti 2018-ci ildə ən çox istinad olunan alimlərin (Highly Cited Researchers) reytinq cədvəlini dərc edib. “Clarivate Analytics” elmmetrik analiz üzrə dünya lideridir. Şirkət beşinci dəfədir ki, “Web of Science” bazasına əsaslanaraq ən nüfuzlu alimlərin siyahısını dərc edir. Öz sahəsində ötən ildə ən çox istinad olunan alimlərin 1 faizi bu siyahıya daxil edilir. Bu il təbiət və humanitar elmlərin 21 sahəsində çalışan 4058 alimin adı reytinqə daxil edilib. Onların sırasında Azərbaycandan Ə.Sucayevin də adı yer alıb.

Xatırladaq ki, dekabrın 5-də Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə və bu şirkətlə Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatlarının təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ə.Sucayevə diplomu “Clarivate Analytics” şirkətinin konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reis təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.