CƏMİYYƏT
Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri Milli Qurtuluş Günü münasibətilə ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
Bakı, 15 iyun, AZƏRTAC
Azərbaycanın aparıcı gənclər təşkilatlarının nümayəndələri 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra Şəhidlər xiyabanına gələn gənclər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının da xatirələrini dərin ehtiramla yad edib, məzarları üzərin tər güllər qoyublar.
Mənalı həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətçiliyinin memarı kimi adını xalqımızın tarixinə əbədi həkk edib. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq, dövlətinə və xalqına sonsuz sevgi və sədaqət ona Azərbaycan xalqının qəlbində ümummilli liderlik qazandırıb.
“Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”, - deyən ulu öndər Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və davamlı inkişafın təməlini qoydu. Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan gələcəyə inamla baxan qüdrətli dövlətə çevrildi.
Bu gün əldə edilən bütün nailiyyətlərin əsasında Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs və onun siyasi varisi Prezident İlham Əliyevin bu siyasi kursu uğurla və əzmkarlıqla davam etdirməsi faktı dayanır. Həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib.
Bu il Azərbaycan xalqı Qurtuluş Gününü daha yüksək əhval-ruhiyyə ilə qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq zəfər qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin arzuları onun əbədiyyətə qovuşmasından 17 il sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini uğurla yerinə yetirdi.
Azərbaycan gəncliyi ulu öndər Heydər Əliyevin ölkəsi üçün gördüyü misilsiz xidmətləri hər zaman xatırlayaraq, Ümummilli Liderin əziz xatirəsini qəlbində dərin hörmət və ehtiramla yaşadır. Bu gün Azərbaycan gəncləri onlara diqqət və qayğı siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin ideyalarını yaşadaraq təbliğ edir, onun tövsiyələrini əzmlə yerinə yetirirlər.