İDMAN
Azərbaycanın gimnastika üzrə yığma komandası Rusiyada keçirilən turnirdə üç medal qazanmışdır VİDEO
Bakı, 4 dekabr (AZƏRTAC). Moskvada qadınlar arasında idman gimnastikası üzrə Mixail Voronin Kuboku uğrunda yarışlar başa çatmışdır. Yarışlarda Azərbaycan komandası da iştirak etmişdir.
AZƏRTAC xəbər verir ki, Anna Pavlova və Marina Nekrasova ilə təmsil olunmuş Azərbaycan yığması vətənə üç medalla qayıdır. Şəxsi çoxnövçülükdə hərəkətlərin yekununa görə Pavlova (53,6 bal) ikinci yeri, Nekrasova isə üçüncü yeri tutmuşdur.
Şəxsi çoxnövçülükdə 53,9 bal toplayan Ukrayna idmançısı Alyona Vasilyeva birinci olmuşdur.
Komanda birinciliyində Azərbaycan yığması yalnız Rusiya yığmasından geri qalaraq gümüş medal qazanmışdır. Bürünc medal “Dinamo” klubunun yığmasına qismət olmuşdur.
Yarışların mükafatçılarına medalları Olimpiya çempionu Aliyə Mustafina təqdim etmişdir.
Turnir kişilər və qadınlar arasında çoxnövçülüyün ayrı-ayrı təmrinləri üzrə davam edir.