İDMAN
Azərbaycanın hərbçi güləşçiləri Litvada 32-ci dünya çempionatında mübarizə aparacaqlar
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 18-dən 25-dək Litvanın Klaypeda şəhərində hərbçi güləşçilər arasında 32-ci dünya çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, milli komandamız çempionata 16 idmançıdan ibarət komanda ilə qatılacaq.
Mundialın sərbəst güləş yarışlarında ölkəmizi Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), Rəşad Yusifli (74 kq) və Əşrəf Əliyev (86 kq) təmsil edəcəklər. Yunan-Roma güləşi yarışında Murad Məmmədov (59 kq), Kərim Cəfərov (66 kq), Sənan Əlmirzəyev (71 kq), Həsən Əliyev (75 kq), Elton Vəzirzadə (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) xalça üzərinə çıxacaqlar. Qadın güləşçilərin mübarizəsində isə Türkan Nəsirova (48 kq) və Tatyana Vorontsova (53 kq) güclərini sınayacaqlar.
Milli komandamız dünya çempionatında məşqçilər Nazim Əlicanovun və Taleh İsrafilovun rəhbərliyi ilə mübarizə aparacaq.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Tural Əliyev təmsil edəcəklər.
Sentyabrın 24-də çempionatda iştirak edən ölkələrin mədəniyyət günü keçiriləcək.
Xatırladaq ki, sərbəst güləşçilərimiz ötənilki dünya çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc, yunan-Roma güləşçilərimiz isə 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub.