CƏMİYYƏT
Azərbaycanın hüquq-mühafizə orqanları ilə Avropa polis və təhlükəsizlik orqanları arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 15-də Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fikrət Axundov Haaqada yerləşən “AVROPOL”un baş ofisində təşkilatın icraçı direktoru xanım Katerin de Bol ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın hüquq-mühafizə orqanları ilə Avropa polis və təhlükəsizlik orqanları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Əməkdaşlığın perspektivi haqqında söhbət açan səfir Azərbaycanın bir çox regional layihələrdə iştirak etdiyini, Avropanın müxtəlif institutları ilə əməkdaşlıq etdiyini, terror ilə mübarizə, mütəşəkkil cinayətkarlıq, ekstremizm, insan alveri və qeyri-qanuni narkotiklərin dövriyyəsinin qarşısının alınmasında etibarlı tərəfdaş olduğunu və bu barədə müxtəlif dövlətlərin hesabatlarında məlumatın yer aldığını bildirib. Görüş çərçivəsində “AVROPOL”un rəhbərinə cari il iyulun 12-14-də Ermənistan–Azərbaycan dövlət sərhədində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, qətlə yetirilmiş yüksək rütbəli zabit və mülki şəxs barədə məlumat verilib.
Səfir Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, “ASALA” erməni terror təşkilatının müxtəlif dövrlərdə Moskva, Bakı, Paris və digər ölkələrdə törətdiyi terror aktları haqqında həmsöhbətini məlumatlandırıb.
“AVROPOL”un rəhbəri Azərbaycan haqqında məlumatlı olduğunu bildirib, “Avroviziya”, Avropa Oyunları, Formula 1 və digər kütləvi tədbirlərin təşkilində və onların təhlükəsizliyinin təmin edilməsində azərbaycanlı həmkarlarının yüksək peşəkarlıq nümayiş etdirdiyini vurğulayıb.