MƏDƏNİYYƏT
“Azərbaycanın igid qəhrəmanları” adlı videoçarx şəhidlərimizin əziz xatirəsinə həsr edilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsini yad edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxana əməkdaşları igid oğullara həsr etdikləri videoçarxları sosial şəbəkələrdə paylaşıb və Vətən müharibəsi şəhidlərini tanıtmaq üçün layihələr həyata keçirib.
Kitabxananın oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı Zülfiyyə Abdullayeva “Azərbaycanın igid qəhrəmanları” başlığı altında Anım Günü ilə əlaqədar videoçarx hazırlayıb. Videoçarxda Vətən müharibəsində adı əfsanəyə çevrilmiş şəhidimiz Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” təsnifinin sədası altında haqq mübarizəmizdə torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin fotoları nümayiş edilib.
Azərbaycan Ordusunun, cəsur əsgərlərimizin bu möhtəşəm Qələbəsi Zəfər tariximizin şanlı səhifəsi olaraq qalacaqdır.
“Azərbaycanın igid qəhrəmanları” adlı videoçarxı kitabxananın yutub kanalından izləyə bilərsiniz.