İDMAN
Azərbaycanın iki idmançısı Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin finalında VİDEO
Bakı, 12 mart, AZƏRTAC
Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turnirinin son yarış günündə - martın 12-də Azərbaycanın iki cüdoçusu - Məhəmmədəli Mehdiyev və Elmar Qasımov yarışların finalına yüksəlib.
AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan M.Mehdiyev həlledici qarşılaşmada qazaxıstanlı İslam Bozbayevlə, 100 kiloqram çəkidə E.Qasımov isə niderlandlı Mixael Korrellə qarşılaşacaq.
Bundan başqa, 100 kiloqram çəkidə bürünc medal uğrunda Azərbaycanın iki təmsilçisi - Zəlim Kotsoyev və Elxan Məmmədov mübarizə aparacaqlar. Bu komandamızın aktivinə istənilən halda bürünc medalın əlavə olunacağı deməkdir.
Qeyd edək ki, E.Məmmədov yarımfinalda digər təmsilçimiz E.Qasımova uduzub.
Digər idmançımız Abdulhaqq Rəsullu (90 kq) ukraynalı Quedjau Nhabali ilə, 100 kiloqramdan yuxarı çəkidə isə cüdoçumuz Uşangi Kokauri gürcüstanlı Onise Buğadze ilə bürünc medal uğrunda görüşəcəklər.
Final görüşlərinə bu gün saat 17:00-dan etibarən start veriləcək.
Qeyd edək ki, turnirin ilk iki yarış günündə Azərbaycan cüdoçularından Rüfət İsmayılov (81 kq) qızıl, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Xanım Hüseynova (63 kq) bürünc medal qazanıblar.