SİYASƏT
Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülən ermənilərın əksəriyyəti Yaxın Şərqdə terrorçuluq fəaliyyəti ilə məşğul olanlardır
Bakı, 12 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC
Bu bir həqiqətdir ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşma siyasəti aparır. Hazırda bu siyasət daha intensiv xarakter alıb. Əgər əvvəllər Suriyadan etnik ermənilər Dağlıq Qarabağda və işğal olunmuş digər ərazilərdə yerləşdirilirdisə, indi dəhşətli faciədən sonra Livandan onların köçürülməsi həyata keçirilir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
Deputat bu tendensiyanın çox təhlükəli olduğunu diqqətə çatdırıb. O, fikrini belə izah edib: “Suriyadan və Livandan Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülən etnik ermənilər heç də dinc əhalinin nümayəndələri deyil. Onlar əsasən Yaxın Şərqdə terrorçuluq fəaliyyəti ilə məşğul olan ermənilərdir. Bu siyasətin hansı ağır nəticələrə gətirib çıxaracağı aydındır”.
E.Nəsirov Ermənistanın bu siyasəti ilə növbəti dəfə iç üzünü, xislətini ortaya qoyduğunu deyib. Bildirib ki, Ermənistanın siyasəti terrorizm üzərində qurulub və terrorçuluğa xidmət edir. Ermənistanın bu addımı münaqişənin dinc yolla həllinə mane olur və belə demək mümkünsə, danışıqlar yolunu məhvə aparır. Dinc yolun, danışıqlar yolunun mümkün olmadığı təqdirdə isə münaqişənin hərb yolu ilə həlli qaçılmazdır. Tam məsuliyyətlə demək olar ki, işğalçı ölkənin sonuncu addımı nəticə etibarilə regionda münaqişənin müharibəyə çevrilməsi üçün yaşıl işıq yandırmış olur. Belə olan halda bütün məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşür.
Deputat bildirib ki, Ermənistana havadarlıq edənlər mövcud mənzərəni kənardan seyrçi kimi izləyir və mexanizmləri işə salmaq istəmirlər. Onun sözlərinə görə, bu məsələdə ən böyük məsuliyyət ATƏT-in Minsk qrupunun üzərinə düşür. ATƏT-in prinsipsiz mövqe nümayiş etdirdiyini görən Ermənistan təbii ki, daha da geniş əl-qol açır və təcavüzkarlıq siyasətini gücləndirir, yeni təxribatlara cəhd göstərir.
“Dünya ictimaiyyəti Ermənistanın təcavüzkarlıq siyasətinə son qoymağı və 30 ildən artıqdır ki, işğal altında saxladığı əraziləri tərk etməyi ondan tələb etməlidir. Beynəlxalq qanunlar öz sözünü deməlidir”, - deyə Elman Nəsirov fikrini yekunlaşdırıb.