İDMAN
Azərbaycanın jurnalistlərdən ibarət futbol komandası Kiyevdən qələbə ilə qayıdır
Kiyev, 29 iyul, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyevdə səfərdə olan azərbaycanlı idman jurnalistlərindən ibarət komanda ukraynalı həmkarları ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 və ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan yoldaşlıq görüşü keçirib.
AZƏRTAC-ın məlumatına görə, "Hidropark" İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma azərbaycanlı jurnalistlərin 10:6 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində keçmiş SSRİ yığmasının və Kiyev "Dinamo"sunun tanınmış veteran futbolçusu İvan Yaremçuk da çıxış edib.
Görüşü Azərbaycanın Ukraynadakı səfirliyinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev başda olmaqla, diaspora nümayəndələri də izləyib.
Qeyd edək ki, səfər Gənclər və İdman Nazirliyinin, həmçinin AAAF Park-ın təşkilati dəstəyi əsasında həyata keçirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev