ELM VƏ TƏHSİL
Azərbaycanın milli-mənəvi dəyərləri arasında multikulturalizmin xüsusi yeri var
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə tədbirlər planına uyğun olaraq, “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamını xatırladıb. Multikulturalizmin müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması və inkişafına, həmçinin azsaylı xalqların müxtəlif dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına xidmət etdiyi diqqətə çatdırılıb.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov “Multikulturalizm ili” çərçivəsində təmsil etdiyi qurumun DQİDK ilə xüsusi tədbirlər planı imzaladığını, həmin plan çərçivəsində bir sıra tədbirlərin keçirildiyini qeyd edib. Azərbaycanın tarixi ənənələrə söykənən milli-mənəvi dəyərlərinin olduğunu deyən Ə.Məmmədov bundan sonra da bu dəyərləri qorumağın vacibliyini vurğulayıb.
DQİDK-nin şöbə müdiri Nahid Məmmədov multikulturalizmin Azərbaycanın milli-mənəvi dəyərləri arasında xüsusi yerinin olduğunu söyləyib. O, ölkəmizdə müxtəlif etnik qrupların və xalqların bir arada yaşamasının milli-mənəvi dəyərlər sistemində minilliklərə söykənən tarixə malik olduğunu və bu dəyərlərin inkişaf edərək bu günümüzə kimi gəlib çatdığını bildirib. Multikulturalizmin əsasında dayanan tolerantlığın birgəyaşayış ənənəsini bir arada saxlayan əsas dəyər, qarşılıqlı hörmət, dözümlülük olduğu qeyd edilib.
Seminarda sualları cavablandırılıb, təkliflər səsləndirilib.