SİYASƏT


Azərbaycanın müdafiə naziri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Bakı, 25 yanvar, AZƏRTAC

İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov fəxri qarovulun önündən keçib. Şəhidlərin xatirəsi ehtiramla yad edilib, Müdafiə Nazirliyi adından əklil qoyulub.

Tərəflər əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşüblər.

Baş Qərargah rəisi qonaqları salamlayaraq son illər ərzində Azərbaycan ilə İran arasında dostluq münasibətlərinin xeyli inkişaf etdiyini və yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.

Dəvətə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən qələbədən sonra yeni yaranmış vəziyyət, eləcə də işğaldan azad edilmiş Azərbaycan ərazilərində görülən işlər barədə ətraflı məlumat verib.

Azərbaycanın və İranın dövlət başçıları arasında keçirilən görüşlərin ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verdiyini, ikitərəfli hərbi əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət etdiyini qeyd edən nazir, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerini Azərbaycana rəsmi səfərə dəvət edib.

Görüşdə Azərbaycan ilə İran arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə müsbət əməkdaşlıq təcrübəsi üzrə əlaqələrin daha da inkişafı üçün yaxşı zəmin olduğu vurğulanıb.

Tərəflər, həmçinin hərbi, hərbi-texniki və hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar.

Sonda görüşün yekununa dair protokol imzalanıb, mətbuata birgə açıqlama verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.