CƏMİYYƏT
Azərbaycanın şanlı qələbəsi Qətərdə coşqu ilə qeyd edilib
Bakı, 14 noyabr, AZƏRTAC
Qətərdə yaşayan azərbaycanlılar işğal altındakı torpaqlarımızın azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini yüksək sevinc hissi ilə qarşılayıblar. Ölkəmizin şanlı Qələbəsi münasibətilə Qətərdəki Azərbaycan diasporunun təşəbbüsü ilə Doha şəhərində avtoyürüş təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan, Türkiyə və Qətər bayraqlarının dalğalandırıldığı tədbirdə uşaqdan böyüyə hər kəs “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”, “Biz qalibik!” kimi şüarlar səsləndiriblər. Həmvətənlərimiz Qarabağın qəlbi olan Şuşa şəhərində, eyni zamanda, işğaldan azad edilmiş digər torpaqlarımızda üçrəngli bayrağımızın dalğalandırılmasından qürur duyduqlarını, qazanılan Qələbəyə görə şanlı Azərbaycan Ordusuna, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Yürüşlə bağlı fikirlərini bölüşən Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov bildirib ki, bu gün ürəyi doğma Vətən eşqi ilə döyünən hər bir azərbaycanlı Müzəffər Ali Baş Komandanımız və şanlı Ordumuzun tarixi qələbəsini qürur hissi ilə dünyanın bir çox ölkələrində, o cümlədən Qətərdə qeyd edir.
Hər üç ölkənin bayraqları ilə bəzədilmiş avtomobil karvanı şəhərin küçələri boyunca hərəkət edib.