İDMAN
Azərbaycanın taekvondo üzrə komandası Türkiyədə keçirilən beynəlxalq turnirdə aktivinə 6 medal yazdırıb
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə yığma komandası Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində uğurla çıxış edib.
AZƏRTAC xəbər verir ki, Türkiyədəki yarışda 14-ü kişi və 6-sı qadın olmaqla, ümumilikdə 20 taekvondoçu ilə təmsil olunan komandamızın altı üzvü medal qazanıb.
Səksən kiloqram çəki dərəcəsində kişilərin yarışında mübarizə aparan taekvondoçumuz Milad Beigi Hərçəqani və 53 kiloqram çəki dərəcəsində çıxış edən qadın idmançımız Patimat Abakarova rəqiblərinə qalib gələrək yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Radik İsayev (87 kq-dan yuxarı) və Qaşım Maqomedov (58 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib olublar.
Digər təmsilçimiz Məhəmməd Məmmədov (68 kq) və Ramin Əzizov (87 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətləniblər.
Beləliklə, 51 ölkədən 1615 idmançının qatıldığı, sayca 6-cı olan G1 kateqoriyalı turnirdə millimiz aktivinə 2 qızıl, 2 gümüş və 2 bürünc medal əlavə edib.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və baş məşqçilər Reza Mehmandoust, Elnur Amanov, böyük məşqçi Rəşad Əhmədovun rəhbərliyi ilə yarışlarda iştirak edən yığmamız fevralın 19-da Vətənə qayıdacaq.
Ölkəmizi bu yarışlarda beynəlxalq dərəcəli hakimlərdən Gündüz Abdullayev, Oh Kvanq Çeol, Çoşqun Nadirov və Nigar Hacıyeva təmsil ediblər.
Xatırladaq ki, fevralın 11-12-də Antalyada təşkil edilən "Prezident kuboku" uğrunda yarışda qüvvəsini sınayan Azərbaycan taekvondoçuları turnirdə dörd medal qazanmışdılar.