İDMAN
Azərbaycanın üç kişi paracüdoçusu beynəlxalq Qran-Pri yarışlarının finalına yüksəlib
Bakı, 13 may, AZƏRTAC
Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının ilk günündə kişilər arasında finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli onaltıdabir finalda meksikalı Bryan Gerardo Aburto Beltranı məğlub edib. Səkkizdəbir finalda rusiyalı idmançı Zaur Cəbrayılova qalib gələn paracüdoçumuz növbəti mərhələdə özbəkistanlı Şerzod Namozovu məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda türkiyəli Receb Çiftci ilə qarşılaşan V.Şirinli rəqibini məğlub edərək finala vəsiqə qazanıb. Onun qızıl medal uğrunda görüşdə rəqibi rumıniyalı Florin Aleksandru Boloqa olacaq.
Azərbaycan idmançısı Bayram Mustafayev (66 kq) beynəlxalq turnirin finalına yüksəlib. İlk mərhələdən azad olan təmsilçimiz səkkizdəbir finalda türkiyəli Kadir Yıldırımdan üstün olub. B.Mustafayev dörddəbir final mərhələsində Monqolustan təmsilçisi Munxbat Aajimi məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda B.Mustafayev gürcüstanlı idmançı Giorgi Qamjaşvilini məğlub edərək adını finala yazdırıb. Finalda onun rəqibi digər gürcüstanlı idmançı Giorgi Kaldani olacaq. Millimizin üzvü Namiq Abaslı isə bürünc medal uğrunda görüşdə G.Qamjaşvili ilə qarşılaşacaq.
Yarışda 73 kiloqram çəki dərəcəsində finala vəsiqə qazanan Özbəkistan cüdoçusu Feruz Sayidov ukraynalı idmançı Rüfət Mahomedovla münasibətlərinə aydınlıq gətirəcək. Bu çəkidə dərəcəsində bürünc medal uğrunda görüşdə Paralimpiya çempionumuz Ramil Qasımov Almaniya təmsilçisi Nikolay Kornhassla üz-üzə gələcək.
İlk mərhələdən azad olan paracüdoçumuz Hüseyn Rəhimli (81 kq) səkkizdəbir final mərhələsində Cənubi Afrika Respublikasının təmsilçisi Jacque Jouberti məğlub edib. Sonra idmançımız fransalı cüdoçu Nathan Petitə qəlib gəlib. Yarımfinalda ukraynalı idmançı Dimitri Soloveyi üstələyən H.Rəhimli finalda Özbəkistan təmsilçisi Davurxon Karomatovla üz-üzə gələcək.