REGİONLAR
Azərbaycanın üç rayonundan olan 120 məktəbli eyni vaxtda Xaçmazda VİDEO
AZƏRTAC xəbər verir ki, üç qrupda birləşən 120 məktəblini Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında rayon icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbələrinin nümayəndələri və digər rəsmi şəxslər tərəfindən qarşılandılar. Məktəblilər burada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Tur aksiya iştirakçılarının diqqətinə çatdırıldı ki, Xaçmaz ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarındandır. Burda yetişdirilən yüksək keyfiyyətli meyvə və tərəvəzlərə ölkəmizlə yanaşı, xarici dövlətlərin bazarlarında da böyük tələbat var.
Bildirildi ki, Xaçmaz şəhəri həm də müasir görünüşünə görə diqqəti cəlb edir. Turizm imkanları geniş olan rayona gələn minlərlə yerli və əcnəbi turistlər Xaçmazın gözəlliyinə heyran qalırlar.
Sonra qonaqlar şəhərdəki Heydər Əliyev Mərkəzində oldular. Burada tur-aksiya iştirakçılarının diqqətinə çatdırıldı ki, müasir Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Məktəblilər Xaçmaz şəhərində Azərbaycanın 52 görkəmli şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyində də oldular. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verildi.
Tur-aksiyanın iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət etdilər. Məktəblilərin diqqətinə çatdırıldı ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat vardır. Muzeyin ikinci mərtəbəsində tarix-etnoqrafiya bölməsi fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yerləşdirilib.
Qəbələ, İsmayıllı və Şamaxı məktəbliləri Xaçmaz Xalça Muzeyi və dövlət rəsm qalereyası ilə tanışlıqdan sonra Çənlibel parkına gəldilər. Parkda gəzintidən sonra məktəblilər doğma rayonlarına yola salındılar.