İQTİSADİYYAT
Azərbaycanla İran arasında alternativ və bərpa olunan enerji mənbələri sahəsindəki əməkdaşlıqla bağlı müzakirələr aparılacaq
Bakı, 1 avqust, AZƏRTAC
Azərbaycan ilə İran arasında alternativ və bərpa olunan enerji mənbələri sahəsindəki əməkdaşlıqla bağlı müzakirələr aparılacaq.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 3-4-də ABOEMDA-nın sədri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının üzvü Akim Bədəlov nümayəndə heyətinin tərkibində İrana səfər edəcək. Səfər çərçivəsində Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin perspektivlərinin müzakirə edilməsi və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu xüsusda, alternativ və bərpa olunan enerji mənbələri sahəsindəki əməkdaşlıqla bağlı müzakirələrin aparılacağı da gözlənilir.
Qeyd edək ki, 2014-cü il noyabrın 12-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin ölkəmizə səfəri zamanı Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İranın Enerji Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov və İranın “Təvani” şirkəti direktorunun müavini Davud Mənzur tərəfindən imzalanıb.