İQTİSADİYYAT
Azərbaycanla Koreya Respublikasının kapital bazarlarının təkmilləşdirilməsinə dair müzakirələr aparılıb
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycan ilə Koreya Respublikası arasında kapital bazarlarının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı Fond Birjasının və Azərbaycan Respublikasının Mərkəzi Depozitarının mütəxəssislərindən ibarət nümayəndə heyəti Koreya İnkişaf İnstitutunun həyata keçirdiyi Bilik Mübadiləsi Proqamı çərçivəsində Koreya Respublikasında səfərdə olub.
Koreyanın İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilən Bilik Mübadiləsi Proqramı iştirakçı ölkələrdə iqtisadi inkişaf təcrübəsinin bölüşdürülməsini, məsləhətlərin verilməsi və bacarıqların artırılması üzrə tədbirləri nəzərdə tutur. Proqram çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Koreyanın mütəxəssisləri arasında kapital bazarlarının, baza aktivi xarici valyuta və qiymətli kağızlar olan törəmə maliyyə alətlərinin, habelə qiymətli kağızlarla klirinq və hesablaşma sistemlərinin təkmilləşdirilməsi istiqamətlərində müzakirələr aparılıb, repo bazarının inkişaf etdirilməsi, investisiya fondları üçün əlverişli mühitin yaradılması məsələlərinə dair Koreyanın təcrübəsi öyrənilib.
Koreyanın mütəxəssislərindən ibarət heyətin mayda Azərbaycana növbəti səfəri və proqram üzrə yekun hesabatın hazırlanması nəzərdə tutulur.