CƏMİYYƏT
Azərbaycanla Serbiya arasında gələcək əməkdaşlıq prioritetləri müzakirə olunub
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr ildən-ilə genişlənir. Bu sahədə pozitiv göstərici kimi, ötən il də iki ölkə arasında ticarət dövriyyəsində 6,3 faiz artım qeydə alınıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Serbiyanın xarici işlər naziri və Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçlə onlayn formatda görüşündə bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfəri vurğulayan nazir ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistanın işğalından azad edildiyini diqqətə çatdırıb. Sahil Babayev erməni təcavüzünün ağır nəticələri barədə məlumat verib, işğalçı Ermənistan tərəfindən dağıdılmış ərazilərimizdə aparılan böyük quruculuq işlərindən bəhs edib.
Serbiya ilə əlaqələrin inkişafını qeyd edən nazir hələ 2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının əhəmiyyətini vurğulayıb. Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ötən dövrdə fəaliyyətini diqqətə çatdıran Sahil Babayev Serbiya şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətini qeyd edib. Azərbaycan və Serbiyanın işgüzar dairələri arasında əlaqələrin, biznes sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin də xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Nikola Selakoviç ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini söyləyib. O, Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin gələcəkdə də daim inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşdə Azərbaycan və Serbiya arasında gələcək əməkdaşlıq prioritetləri, Hökumətlərarası Komissiyanın fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.