İQTİSADİYYAT


Azərbaycanla Səudiyyə Ərəbistanının enerji sahəsində gələcək əməkdaşlığı müzakirə olunub

Bakı, 11 fevral, AZƏRTAC

Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi arasında enerji sahəsində əməkdaşlığı daha da genişləndirmək məqsədilə yaradılmış birgə Texniki Komissiyanın ilk iclası keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, komissiyanın Azərbaycan tərəfdən sədri, energetika nazirinin müavini Samir Vəliyev iki ölkənin münasibətlərinin bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyini, OPEC+ formatında intensiv əməkdaşlığın, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin Birgə Monitorinq Komitəsinin növbəti iclasının martda Bakıda keçirilməsi kimi təşəbbüsün enerji sahəsində əlaqələrin inkişafına təkan verdiyini bildirib. Qeyd edib ki, enerji sektorunda gələcək əməkdaşlıq üçün geniş imkanlar var və Texniki Komissiyanın iclasları bu potensialı reallaşdırmağa töhfə verəcək.

Komissiyanın Səudiyyə Ərəbistanı tərəfdən sədri, bu ölkənin Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyinin beynəlxalq münasibətlər üzrə müşaviri Şakir Mahrus isə deyib ki, enerji sahəsində çox istiqamətli əməkdaşlığın inkişafına nail olmaq hər iki ölkənin ümumi maraqlarına cavab verir.

İclasda neft hasilatı, emalı və neft-kimya məhsullarının dünya bazarlarına çıxarılması, “Saudi Aramco” və SOCAR arasında əlaqələrin genişləndirilməsi, “SABIC” şirkətinin Azərbaycanla neft-kimya sahəsində layihələrin həyata keçirilməsi perspektivləri, eləcə də bərpaolunan enerji, enerji səmərəliliyi, elektroenergetika sahələri üzrə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Qeyd olunub ki, Səudiyyə Ərəbistanı neft-qaz sektoru ilə yanaşı, bərpaolunan enerjidən istifadə ilə bağlı da təcrübəsini Azərbaycanla bölüşmək və ərəb şirkətlərini bu sahəyə cəlb etmək niyyətindədir.

Tədbirdə bərpaolunan enerji sahəsində qanunvericilik bazasının yaradılması, özəl sektorun bu sahəyə cəlbi istiqamətində görülən işlər, beynəlxalq şirkətlərlə əməkdaşlıq barədə məlumatlar diqqətə çatdırılıb.

İclasda, həmçinin təbii resursların hasilatı sahəsində əməkdaşlıq imkanları, enerji səmərəliliyi sahəsində birgə seminarların keçirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib. İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə nazirliklər arasında anlaşma memorandumunun hazırlanması və imzalanmasının vacibliyi vurğulanıb.

Sonda iclasın yekunlarına dair protokol imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.