CƏMİYYƏT
Azərbaycanla Türkiyə arasında insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafı mühüm önəm kəsb edir
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının ölkəmizdə diplomatik missiyası başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, görüşdə Səbinə Əliyeva Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə mütəmadi inkişafda olan sıx əlaqələrin məmnunluq doğurduğunu qeyd edib. Ombudsman Vətən müharibəsi dövründə Türkiyənin dövlət və xalq səviyyəsində ölkəmizə dəstək nümayiş etdirməsinin önəmini vurğulayıb. Ombudsman həmin dövrdə Türkiyə səfirliyinin işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan haqlı mübarizənin, Ermənistan hərbi qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrinə etdiyi hücumların dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirib.
S.Əliyeva Türkiyənin Ombudsman İnstitutu ilə səmərəli əməkdaşlığa, qardaş ölkənin Baş ombudsmanı Şərəf Malkoçun 44 günlük müharibənin gedişində və müharibədən sonra Ermənistan tərəfindən beynəlxalq hüququn normalarının, insan hüquqlarının pozulması faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi fəaliyyətə diqqət çəkib.
Görüşdə ombudsman, eyni zamanda, Türkiyənin Baş ombusmanının dəvəti ilə bu yaxınlarda Türkiyəyə etdiyi səfər zamanı ölkənin yüksək səviyyəli dövlət rəsmiləri ilə keçirdiyi məhsuldar görüşlər barədə danışıb.
Səfir Erkan Özoral fəaliyyət dövrü ərzində səmərəli əməkdaşlığa görə ombudsmana təşəkkürünü bildirib. O, ölkələrimiz arasında müxtəlif sahələr, o cümlədən insan hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlığın inkişafının mühüm önəm kəsb etdiyini vurğulayıb. E.Özoral Azərbaycanda səfir olduğu müddətdə qardaş xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verməkdən, Vətən müharibəsinin Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnməsinə şahidlik etməkdən qürur duyduğunu vurğulayıb.