SİYASƏT


Azərbaycanla Yaponiya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov Yaponiya nümayəndə heyətini salamlayaraq, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasını vurğulayıb və Azərbaycanın Yaponiya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib.

Öz növbəsində, Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunması münasibətilə təbriklərini çatdıraraq bu müddət ərzində Azərbaycan və Yaponiya arasında bir çox sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirib. Nazir müavini enerji təhlükəsizliyi baxımından mühüm rol oynayan Azərbaycanın regionda Yaponiyanın mühüm tərəfdaşı olduğunu ifadə edib.

Tərəflər, həmçinin Azərbaycan ilə Yaponiya arasında energetika, alternativ enerji, iqtisadiyyat, humanitar, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov qarşı tərəfə Azərbaycanın azad olunmuş ərazilərindəki vəziyyət, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi, azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minaların təmizlənməsi, ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Bu xüsusda nazir Yaponiya şirkətlərinin quruculuq prosesində iştirakını minnətdarlıqla ifadə edib.

İşğal amilinin aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını qeyd edən nazir, Azərbaycanın regionda davamlı sülhün və inkişafın bərqərar olması üçün atdığı əməli addımlardan söhbət açıb.

Görüşdə tərəflər arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.