ELM VƏ TƏHSİL
Azərbaycanlı alim “Özbəkistan tarixi” jurnalının beynəlxalq redaksiya heyətinin üzvü seçilib
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu direktorunun elmi işlər üzrə müavini, akademik Şahin Mustafayev Özbəkistanda nəşr olunan nüfuzlu “Özbəkistan tarixi” elmi jurnalının redaksiya heyətinə daxil edilib. Jurnalın baş redaktoru, professor D.Alimovanın ünvanladığı məktubda bildirilir ki, Özbəkistan Elmlər Akademiyasının prezidenti B.Yuldaşevin sərəncamına əsasən jurnalın beynəlxalq redaksiya heyətinə dünya tarixşünaslığında və Özbəkistan elmində yüksək nüfuza malik olan altı görkəmli tarixçi daxil edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu heyətin tərkibinə ABŞ, Avstriya, Rusiya, Fransa, Qazaxıstan alimləri ilə birlikdə Ş.Mustafayevin də adı daxil edilib.
Ş.Mustafayevin “Özbəkistan tarixi” jurnalının redaksiya heyətinə seçilməsi iki ölkə alimləri arasında elmi əlaqələrin güclənməsinə və Azərbaycan tarixçilərinin məqalələrinin bu mötəbər beynəlxalq nəşrdə dərc edilməsinə geniş imkanlar yaradacaq.