ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq konfransda “İlk Tunc dövrü Komanı-Kürəkçi kurqanları” mövzusunda məruzə edib
Bakı, 27 aprel, AZƏRTAC
Qazaxıstanın paytaxtı Nur-Sultanda “Qazaxıstan və türk dünyası: ictimai elmlər müstəvisində aktual problemlər” mövzusunda beynəlxalq onlayn konfransda ölkəmizi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə təmsil edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, plenar iclasda azərbaycanlı alim “İlk Tunc dövrü Komanı-Kürəkçi kurqanları” mövzusunda məruzə ilə çıxış edib. Tədqiqatçı son illərdə Azərbaycanın cənub-şərq bölgəsində İlk Tunc dövrünə aid kurqanlarda aparılmış arxeoloji qazıntılardan və bu tədqiqatların nəticələrinin Cənubi Qafqaz arealında mühüm əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycan ərazisində kurqanların dövrü və yayılma arealı haqqında zəngin elmi məlumat bazası mövcuddur. “Kurqan” sözü və bu tip dəfnlərin etimologiya baxımından türk xalqlarına məxsusluğu danılmaz faktdır. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib və mövzu ətrafında diskussiya aparılıb.
Konfransda Qazaxıstanla yanaşı, Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Rusiya Federasiyanın Tatarıstan Respublikası və digər muxtar respublikalarını təmsil edən tarixçi, arxeoloq, etnoqraf alimlər iştirak ediblər.