ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq simpoziumda torpaqların deqradasiyaya uğramasında antropogen təsirlərdən danışıb
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Qazaxıstanın Almatı şəhərində “Mərkəzi Asiyada ətraf mühitin monitorinqinin qiymətləndirilməsində müasir tədqiqat metodları və kənd təsərrüfatı landşaftlarının idarə edilməsi” mövzusunda keçirilən beynəlxalq simpoziumda iştirak edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, simpoziumun bölmə iclasında Ə.Quliyev “Azərbaycanda meliorasiya olunan torpaqların deqradasiyaya uğramasında antropogen təsirlər” mövzusunda məruzə ilə çıxış edib. Müzakirələr zamanı alimin məruzəsində əks olunan məsələlərin bir çoxunun Qazaxıstan, Özbəkistan və Türkmənistan torpaqlarında da baş verdiyi üzə çıxıb. Torpaqların deqradasiyaya uğramasının və onların qarşısının alınmasının qlobal problem olduğu bildirilib və tezliklə bu istiqamətdə tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Tədbirdə, həmçinin torpaqların səmərəli istifadəsi və münbitliyin bərpasına dair təkliflər səsləndirilib.
Ə.Quliyev səfər zamanı U.Uspanov adına Qazaxıstan Elmi-Tədqiqat Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olub, bu elmi müəssisə ilə əməkdaşlığa dair niyyət protokolu imzalayıb.