ELM VƏ TƏHSİL
Azərbaycanlı alim türkiyəli müəllim və tələbələrə Dilçilik İnstitunda üslubiyyatla bağlı aparılan araşdırmalardan danışıb
Bakı, 12 dekabr, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli “Müstəqillik illərində Azərbaycan ədəbi dilinin lüğət tərkibinin zənginləşməsində üslubların funksionallığının nəzəri əsasları: problemlər və perspektivlər” elmi-tədqiqat proqramına uyğun olaraq Türkiyənin Hacettepe Universitetində elmi ezamiyyətdə olub.
Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, B.Məhərrəmli Hacettepe Universitetinin ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı bölümünün dekanı, professor Dilek Yalçın Çeliklə görüşüb və onunla fikir mübadiləsi aparıb. O, Dilçilik İnstitutunda nəşr olunan kitabları universitetin kitabxanasına hədiyyə edib.
Alim Türkiyədə üslubiyyatla bağlı aparılan araşdırmalarla tanış olub. Dilek Yalçın Çelik bildirib ki, Türkiyədə üslubiyyatla bağlı araşdırmalar əsasən ədəbiyyat səviyyəsindədir. B.Məhərrəmli Azərbaycan dilçiliyində üslubiyyatla bağlı dilçilik aspektində fundamental araşdırmaların olduğunu professorun diqqətinə çatdırıb və qeyd edib ki, respublikamızda bu sahədə artıq formalaşmış dilçilik məktəbi var.
Daha sonra azərbaycanlı alim həmin universitetin nəzdində yerləşən Sözlük Bilimi Uyqulama Mərkəzinin üzvləri ilə görüşüb. Görüşdə Nəsimi adına Dilçilik İnstitutunun həmin mərkəzlə gələcəkdə qarşılıqlı əlaqələrin qurulması məsələləri müzakirə edilib.
Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini B.Məhərrəmli Hacettepe Universitetinin ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı bölümünün müəllim və tələbələri qarşısında “Azərbaycanda müstəqillik dövründə poeziya dilinin və üslubunun inkişafı” mövzusunda məruzə ilə çıxış edib.