ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin məqaləsi Özbəkistanın “Kitab dünyası” qəzetində çap olunub
Bakı, 8 sentyabr, AZƏRTAC
Özbəkistan Respublikasında nəşr olunan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Dünya ədəbiyyatı üçün əhəmiyyətli iş” sərlövhəli məqaləsi çap olunub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, qəzetin birinci və ikinci səhifələrində “Ədəbiyyat dostluğu - əbədi dostluq” rubrikası ilə çap olunan məqalədə Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi ənənələrindən, böyük örnəklərindən ətraflı bəhs edilir. Məqalədə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvinin ədəbiyyatlarımız arasındakı əlaqələrimizin inkişaf yolunun, ayrı-ayrı görkəmli ədəbi şəxsiyyətlərinin araşdırılıb öyrənilməsi, ölkəmizdə çap edilib yayılması sahəsindəki səmərəli fəaliyyətindən də söz açılır. Həmçinin, Almaz Ülvinin Ədəbiyyat İnstitutunun 2016-cı ildə nəşr etdirdiyi “Özbək ədəbiyyatı” da qardaş ölkənin ədəbi-elmi ictimaiyyətinə və oxucularına təqdim olunur.
Məqalədə Azərbaycan-özbək ədəbi əlaqələrinin çoxəsrlik əlaqələri olduğu kimi, müstəqillik illərində yeni və geniş imkanlar qazandığı və yeni tarixi mərhələdə daha sanballı tədqiqat əsərlərinin yazılmasına ciddi ehtiyac olduğu nəzərə çatdırılır.
Akademik İsa Həbibbəylinin “Kitab dünyası” qəzetinin birinci və ikinci səhifələrində çap olunan “Dünya ədəbiyyatı üçün əhəmiyyətli iş” məqaləsini özbək dilinə Obid Şofiyev tərcümə edib.