ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin rəyi Çin mətbuatında dərc olunub
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin Xalq Respublikasının sədri Si Cinpinin kitabına münasibət bildirib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Çin mətbuatındakı “Azərbaycanlı alim: “Prezident Si Cinpinin kitabı Çinin inkişaf prinsiplərini anlamağa kömək edir” başlıqlı xəbərdə R.Abbasovun fikirləri yer alıb. Yazıda ADU-nun professoru Çin sədrinin idarəetmə haqqında seçilmiş çıxışları və müsahibələrindən ibarət olan kitabın dünya ictimaiyyətinə Çini və Çində sosializmin inkişafını öyrənməkdə kömək edəcəyini bildirib.
Yeni nəşr olunmuş “Si Cinpin: Çinin idarə olunması” kitabının ikinci cildində 99 çıxış, söhbət, təlimat və məktublar, eyni zamanda, 2014-cü il avqustun 18-dən 2017-ci il sentyabrın 29-dək olan dövrün Çin liderlərinin 29 fotosu yer alıb.
Çin və ingilis dillərində çap olunan kitab beynəlxalq cəmiyyət tərəfindən Çinin inkişaf modeli, konsepsiyası və istiqamətinin mənimsənilməsinə xidmət edir.
R.Abbasov bildirib ki, kitab Çinin inkişafının bütün mühüm sahələrində liderliyin hədəfləri və prioritetlərini, həmçinin bu hədəflərə nail olmasındakı mexanizmi, Si Cinpinin ölkənin daxili və xarici siyasətinin inkişafındakı siyasi fəlsəfəsi və əsas strategiyalarını göstərir.
“Kitabda digər ölkələrlə əməkdaşlığın gücləndirilməsi konsepsiyası irəli sürülüb”, - deyə R.Abbasov əlavə edib. O deyib ki, kitab azərbaycanlı oxuculara qədim İpək Yolu ticarət xəttinin canlanması məqsədilə həyata keçirilən “Bir kəmər - bir yol” təşəbbüsünü daha dərindən mənimsəmək imkanı yaradacaq.
Qeyd edək ki, 2013-cü ildə Si Cinpin tərəfindən təqdim olunmuş “Bir kəmər - bir yol” təşəbbüsü Asiyanı Avropa və Afrika ilə birləşdirən qədim İpək Yolu boyunca ticari və iqtisadi inteqrasiyanı təmin etmək məqsədilə həyata keçirilir. Müasir versiyaya quru İpək Yolu İqtisadi Qurşağı və XXI əsrin Dəniz İpək Yolu daxildir.