SİYASƏT
Azərbaycanlı deputat AŞPA-da “Müxtəlifliyin və inklüzivliyin təşviqində siyasi partiyaların rolu”na dair təkliflərini irəli sürüb
Strasburq, 20 iyun, AZƏRTAC
Müxtəliflik və inklüzivlik üzrə dialoq son illər ərzində əhəmiyyətli dərəcədə artıb və gündəlik həyatımızın əsas mövzularından birinə çevrilib. Cəmiyyətlərimizdə müxtəliflik artdıqca, hər kəsin uğur qazanmasına imkan verən hörmət və iqtisadi imkanlar təmin edildiyi üçün inklüziv cəmiyyət yaradılması daha da asanlaşır.
Dünyanın ən tolerant ölkəsi kimi Azərbaycan həmişə digər ölkələrə nümunə göstərilir. Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayır və Azərbaycan parlamentində müxtəlif siyasi partiyalar təmsil olunurlar. Ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması, eləcə də bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində Mənəvi Dəyərlərin Təbliği Fondu fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Könül Nurullayeva AŞPA-nın yay sessiyası çərçivəsində “Müxtəlifliyin və inklüzivliyin təşviqində siyasi partiyaların rolu: qeyri-irqçi cəmiyyət üçün yeni Xartiya” mövzusuna həsr olunmuş yazılı çıxışında bildirib.
Azərbaycanlı deputat qeyri-irqçi cəmiyyətə dair təkliflər irəli sürərək bildirib ki, siyasi partiyaların öz üzvləri arasında müxtəlifliyi təmin etməsi və daha inklüziv qərar qəbul edə bilməsi üçün hüquqi baza yaradılması məqsədəuyğundur. Siyasi partiyalar ictimai maraqların təmsil olunmasında, siyasi gündəmin formalaşmasında və hökumət siyasətinin işlənib hazırlanmasında mühüm rol oynadığı üçün belə mexanizm çox əhəmiyyətlidir. Belə hüquqi bazanın yaradılması siyasi partiyalara daha çox dəstək və vətəndaş etimadı qazanmağa kömək edə bilər.
Həmçinin, K. Nurullayeva ənənəvi olaraq təcrid olunmuş və ya kifayət qədər təmsil olunmayan icmaların inklüzivliyini artırmaqda siyasi partiyalara kömək etmək üçün xüsusi yardım qruplarının yaradılmasını da təklif edib. Bildirib ki, bu cür qruplar partiyaları müxtəlif irqlərdən olan yeni seçiciləri cəlb etməyə və həmin seçicilər adından danışmağa imkan verən etibarlı vasitələrlə təmin edə bilər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq