SİYASƏT


Azərbaycanlı deputat AŞPA-da sosial şəbəkədə hüquqi mexanizmlərin daha işlək olmasının zəruriliyindən danışıb

Strasburq, 12 aprel, AZƏRTAC

Hamımız obrazlı şəkildə “qlobal hörümçək toru” adlandırılan şəbəkənin əsarətindəyik və heç kim də bizi həmin torun içində zorla saxlamır. O torun içərisində olmağı könüllü seçmişik. Daha azad olmaq hər bir insanın arzusu olsa da, həmin tordan qurtulmağa heç kim can atmır. Bizi əsarətdə saxlayan həmin sosial şəbəkə həm də azadlığımız deməkdir. Sosial şəbəkə günümüzün ən qaçılmaz paradoksu, sərbəstliklə asılılığın heyrətli qovşağıdır. Sosial şəbəkə həyatımızın daimi müşayiətçisinə çevrilib, dostluğun, insani ünsiyyətin, informasiya mübadiləsinin, ifadə azadlığının, ən müxtəlif diskussiyaların, rəqabətin və hətta qarşıdurmaların büsbütün yeni fəzasını yaradıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasında Avropa Naminə Liberal Demokratların Alyansı siyasi qrupu adından çıxış edən deputat Rafael Hüseynov “Sosial media: ictimai mövzular, ya insan haqları üçün təhlükələr?” qətnamə layihəsinin müzakirələri zamanı söyləyib.

Deputat sosial şəbəkənin faydaları ilə yanaşı, təhlükələrinin də olduğunu, dünyanı kiçiltdiyini, informasiya axınlarını insanlara daha yaxın, onları daha məlumatlı etdiyini diqqətə çatdırıb. Bu hüdudsuz məkanda, hamının eyni əxlaq meyarlarına riayət etmədiyi və istifadəçilərin məqsədlərinin fərqli olduğu mühitdə təhlükələrin də olduğunu vurğulayıb.

Sosial şəbəkənin ifadə azadlığı üçün hüdudsuz imkanlar açması ilə yanaşı, ona nəzarətin də çərçivədən kənara çıxması məsələsinə toxunan Rafael Hüseynov qeyd edib ki, sosial şəbəkələr bu gün hər kəsin özünün idarə edəcəyi, hər mətləbini deyə biləcəyi şəxsi televiziyası, radiosu, informasiya agentliyi, qəzeti deməkdir. Siyasi müzakirələr üçün də ən kütləvi müstəvi sosial şəbəkədir. Sosial şəbəkələr dünyanın Hayd parkıdır və nə qədər pessimistik səslənsə də, reallıq budur: artıq sosial şəbəkədə sona qədər nizam yaratmaq mümkünsüzdür. Hamının riayət edəcəyi mexanizmləri işə sala bilmək həddən ziyadə çətin görünür. Çünki demokratiya ilə hüquq arasında manipulyasiyalar üçün kifayət qədər geniş imkanlar mövcuddur.

Deputat bildirib ki, müsbət xüsusiyyətləri ilə yanaşı, sosial şəbəkələr kibercinayətkarlığa, kiberterrorizmə, kibertəhdidlərə, milli, dini, irqi ədavətə yol açan, ictimai rəyi çaşdıra bilən, siyasi proseslərə təsir edən, fərdlərin şəxsi həyatına müdaxiləlilərə imkan yaradan vasitədir. Vəziyyət elə yaranıb ki, daha söhbət təhlükəsizlik problemlərinin tam həllindən deyil, yalnız müəyyən qoruyucu, qabaqlayıcı tədbirlərin görülməsindən gedə bilər. İfratların qarşısının tam alınmasından deyil, məhdudlaşdırıcı, müəyyən qabaqlayıcı tədbirlərin görülməsindən söhbət gedə bilər.

İndiki halda sosial şəbəkədə müəyyən qədər nizam yaratmaq və nəzarət sistemini işlək edə bilmək üçün hüquqi mexanizmləri daha ciddi işə salmağı təklif edən Rafael Hüseynov vurğulayıb ki, sosial şəbəkələri idarə edənlərin hüquqi məsuliyyəti ikiqat artırılmalıdır. Çünki müxtəlif kəşfiyyatlar, güc mərkəzləri, maliyyə qüvvələri tərəfindən onların özlərinin də idarəedilən olması istisna deyil. Bu, elə biznesdir ki, tədricən miqyasına, təsir gücünə görə narkoticarətlə, qanunsuz silah alveri ilə rəqabətə girə bilər. Sosial şəbəkə istifadəçilərinin qeydiyyatında tam şəffaflıq hüquqi əsaslarla təmin edilməli, hər cür anonimlik istisna olunmalı və bütün istifadəçilər hüquqi məsuliyyətlə bağlı müqaviləni imzaladıqdan sonra şəbəkələrə qoşulmaq haqqı qazanmalıdır.

R.Hüseynov informasiya mühitinin, sosial şəbəkə mühitinin qorunmasının müəyyən mənada ekoloji mübarizə olduğunu diqqətə çatdırıb. “Sosial şəbəkələr hamımızın nəfəs aldığımız, sərhədlər tanımayan bir atmosferdir ki, onun ekologiyasını qorumaq üçün gərək hamı yekdil ola”, - deyə deputat bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.