SİYASƏT
Azərbaycanlı diplomat: Bu məsuliyyətsiz yanaşma Avropada təhlükəli separatizmə geniş qapı aça bilər
Strasburq, 20 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılovun “L’Express” jurnalında bir qrup “universitet müəllimi”nin müraciətinə etiraz olaraq cavab yazısı dərc olunub. Daimi nümayəndə həmin müraciətdə yer almış saxta məlumatlara etiraz edərək reallığı əks etdirən detalları təqdim edib.
O yazır ki, müraciətin müəllifləri hansı səbəblərdənsə Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi faktını heç yerdə müzakirə etmirlər. Bu “universitet müəllimləri” BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini açıq-aşkar qınadığını da nəyəsə görə unudurlar. Nəhayət, bu “universitet müəllimləri”nin yazılarında Jofrua dö Laqasnerinin, Dönis Çalqranj Limenin dözümsüzlük və həddindən artıq sadəlik çağırışlarını görmək dəhşətlidir.
Dövrünün gənc nəslinə müraciət edərək oxuduğu “parlaq bir sabaha və gələcəyə inanan” İv Montan sonradan aydın şəkildə deyib: “Biz axmaq və təhlükəli idik”. Jofrua dö Laqasneri bu təhlükəli məşəli növbəti nəsillərə ötürülməkdə davam etdiyini sübut edir. 1970-ci illərdəki maoçularda olduğu kimi, eyni dözümsüzlük, eyni sadəlik, eyni manixeizm. Təbiətinə görə bir-birindən çox uzaq olan iki münaqişəni eyniləşdirərək Kosovo kimi qondarma “Dağlıq Qarabağ respublikası”nın beynəlxalq səviyyədə tanınmasına çağırış uzunmüddətli düşmənçilikdir. Bu məsuliyyətsiz yanaşma Avropada zorakı millətçilik və təhlükəli separatistlərə geniş qapı aça bilər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq