QAN YADDAŞI
Azərbaycanlı diplomat: Xocalı soyqırımı barədə həqiqətlərin Şimali Afrikanın ərəbdilli xalqlarına çatdırılması istiqamətində mühüm işlər görülüb
Qahirə, 25 fevral, AZƏRTAC
Misir Ərəb Respublikasında fəaliyyət göstərən diplomatlarımız Azərbaycanın haqq səsini ərəb aləmində ucaltmağı özlərinin ümdə vəzifəsi hesab edirlər. Xüsusən, uzun illər ərzində Xocalı soyqırımı barədə həqiqətlərin Şimali Afrikanın ərəbdilli xalqlarına çatdırılması istiqamətində mühüm işlər görülüb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində ölkəmizin Misirdəki səfirliyinin əməkdaşı, Qahirədəki “SOİC” kinematoqrafiya şirkəti tərəfindən ərəb dilində çəkilən “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı sənədli filminin ssenari müəllifi Emil Rəhimov söyləyib.
Eyniadlı kitabın da müəllifi olan diplomat deyib: “2017-ci ildə - Xocalı soyqırımının 25 ildönümü ərəfəsində ölkəmizin Misirdəki səfirliyinin dəstəyi ilə “Əl-Əxbar” nəşriyyatında çap olunan üç fəsildən ibarət kitabda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin köklərinə, İrəvan xanlığı barədə tarixi həqiqətlərə, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə, qərar və bəyanatlara geniş yer ayrılıb. Həmçinin kitabda ulu öndər Heydər Əliyevin Xocalı soyqırımına verdiyi siyasi qiymət, Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamaları, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Xocalıya dair fikirləri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təsis edilməsi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Xocalı soyqırımı haqqında dünya ictimaiyyətinə ünvanladığı müraciət öz əksini tapıb. Bu nəşr barədə xəbərlər Misirin kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb, Misirin beyin mərkəzlərində onun təqdimatları keçirilib”.
E.Rəhimov vurğulayıb ki, Misir ictimaiyyətinə Xocalı soyqırımı ilə yanaşı, 20 Yanvar faciəsi, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı müfəssəl faktlara əsaslanan geniş məqalələr də təqdim edilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə