CƏMİYYƏT
Azərbaycanlı gənc Avropa Gənclər Forumunun təlimçilər bazasının üzvü seçilib
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sabiq sədri, “Gender Hub” platformasının təsisçisi Məryəm Məcidova 60 peşəkar təlimçi arasından Avropa Gənclər Forumunun təlimçilər bazasının üzvü seçilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, M.Məcidova iki il ərzində təlimçilər bazasında yer alacaq.
Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu 1996-cı ildə yaradılıb və sıralarında qitənin ən böyük gənclər təşkilatlarını birləşdirir. Forumun əsas məqsədi Avropada fəaliyyət göstərən beynəlxalq gənclər təşkilatlarının və gənclər təşkilatları milli şuralarının şəbəkələşməsini, onların təlim və maarifləndirilməsini təşkil etmək və Avropa məkanında gənclərin maraqlarının təmsilçiliyini həyata keçirməkdir.
Forum Avropa İttifaqı, Avropa Şurası və BMT kimi beynəlxalq qurumlarda gənclərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir. Forumun nəzdindəki təlimçilər və ekspertlər bazası gənc mütəxəssisləri bir araya toplayır. Bu baza iki ildən bir yenilənir.
Məryəm Məcidova Avropa Gənclər Forumunda təmsil olunacaq ilk azərbaycanlı təlimçidir. O, əsasən gənclər siyasəti və gənclərlə iş, gənclərin iştirakçılığı, beynəlxalq dialoq və əməkdaşlıq, layihələrin idarə olunması, gender əsaslı zorakılıq, gender stereotipləri və s. məsələlər üzrə fəaliyyət göstərəcək.