ELM VƏ TƏHSİL
Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycandilli “Vikipediya”nın idarəçisi Rüfət Rəhimov Vikimedia Fondunun qlobal idarəçisi seçilib.
Diaspor üzrə ekspert Elnur Eltürk AZƏRTAC-a bildirib ki, hazırda qlobal idarəçilərin sayı 20 nəfərdir. Rüfət Rəhimovun da adı həmin siyahıda yer alıb. Bu barədə qeyd olunan linkdə https://meta.wikimedia.org/wiki/Global_sysops məlumat verilib. Bu məsələ müxtəlif “viki”lərdən olan istifadəçilərin, yaxud qlobal “viki”cəmiyyətin ortaq qərarı ilə müzakirə olunub və Rüfət Rəhimovun namizədliyi tam konsensus ilə qəbul edilib. Bu hüquq stüarddan sonra “Vikipediya”da ikinci ən ciddi hüquqlardan biridir.
Qeyd edək ki, Rüfət Rəhimov 2015-ci ildə “Vikipediya”da “turkmen” istifadəçi adı ilə qeydiyyatdan keçib. O, Azərbaycandilli “Vikipediya”nın idarəçisi olmaqla yanaşı, türkməncə “Vikipediya”nın da idarəçisidir. Dörd ildir ki, ”Vikipediya”da fəaliyyət göstərən Rüfət əsasən ölkəmizin tarixi ilə bağlı məqalələr üzərində işləyir. Onun bir neçə məqaləsi Azərbaycandilli “Vikipediya”da “seçilmiş məqalə” statusu alıb. O, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir.