CƏMİYYƏT
Azərbaycanlı gəncin erməni iddialarına dair məqaləsi Əfqanıstanın dövlət saytında dərc edilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Əfqanıstan İslam Respublikasının əsas ingilisdilli dövlət informasiya agentliyi olan “Kabul Times” qəzetində İstanbul Universitetinin İdarəetmə fakültəsinin məzunu Nicat Muradzadənin “2020-ci il Dağlıq Qarabağ münaqişəsi: erməni iddiaları və reallıqlar” adlı məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən işğalının tarixi, Azərbaycan vətəndaşlarına qarşı törədilmiş zorakılıqlar və işğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyətlər barədə geniş məlumatlar oxuculara çatdırılır. Həmçinin erməni tərəfinin ələlxüsus, 2018-ci ildən etibarən sülh danışıqları prosesini müxtəlif təhrikedici əməllərlə pozması da qeyd edilir.
Bundan əlavə, məqalədə Dağlıq Qarabağ və ətraf ərazilərdə baş verən son hadisələrin fonunda BMT tərəfindən işğalçı tərəf kimi qəbul olunan Ermənistanın dövlət rəsmilərinin iddialarına müxtəlif beynəlxalq və mötəbər xəbər portallarına o cümlədən, sözügedən şəxslərin mətbuata verdiyi bəyanatlara istinad olunaraq tutarlı cavablar verilir. Ermənistanın münaqişə zonasına Yaxın Şərqdən muzdlu döyüşçülər cəlb etməsi, 3-cü ölkələr tərəfindən Ermənistana olunan hərbi yardımlar və Gəncə şəhərinin dinc sakinlərini hədəf almış son hücumlar məqalədə xüsusilə vurğulanan məqamlardandır.
Sonda Azərbaycan tərəfinin bütün sülh çağırışlarına rəğmən Ermənistanın işğalçılıq siyasətini davam etdirməklə Cənubi Qafqaz regionunda iqtisadi və siyasi sabitliyi təhdid edən əsas ünsür olduğu bildirilir.