CƏMİYYƏT
Azərbaycanlı hakim Avropa Şurasının mükafatı ilə təltif olunub
Strasburq, 27 iyun, AZƏRTAC
Strasburqda Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (SEPEJ-in) geniş tərkibdə növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Avropa Şurasının 47 üzv dövlətini təmsil edən nümayəndələr, ədalət mühakiməsi sahəsində ixtisaslaşan müxtəlif beynəlxalq təşkilatların rəsmiləri və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Plenar iclas çərçivəsində Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (SEPEJ) yaradılmasının 15 illiyinin qeyd olunması mərasimi keçirilib. Avropa Şurasının baş katibinin müavini Qabriella Battaini-Draqoni iclası açaraq SEPEJ-in 15 il ərzində əldə etdiyi nailiyyətlər münasibətilə tədbir iştirakçılarını təbrik edib. Avropada ədliyyənin inkişafı işində səmərəli və fasiləsiz fəaliyyət göstərmiş beş ölkənin – Almaniya, Andorra, Macarıstan, Latviya və Finlandiyanın nümayəndələri Avropa Şurası tərəfindən təltif olunub.
SEPEJ-in vitse-prezidenti, azərbaycanlı hakim Ramin Qurbanov Avropa Şurasının mükafatını Almaniya və Finlandiya nümayəndələrinə təqdim edib.
SEPEJ-in prezidenti Qeorq Stava (Avstriya) və vitse-prezidenti Ramin Qurbanov Avropa Şurası tərəfindən Avropada ədliyyənin inkişafındakı xidmətlərinə görə mükafatla təltif olunublar.
Ədliyyə, məhkəmə, prokurorluq və vəkillik üzrə Avropa Şurasının nüfuzlu və ixtisaslaşmış qurumu olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (SEPEJ) 2002-ci ildə yaradılıb. SEPEJ-in əsas məqsədi Avropa məkanında ədalət mühakiməsi sistemlərinin səmərəliliyi və keyfiyyətinin artırılması, onların Avropa Şurası tərəfindən tətbiq edilən standart və normalara uyğunlaşma işində üzv dövlətlərə kömək göstərməkdir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq