CƏMİYYƏT
Azərbaycanlı həkim “Pediatriyada respirator təbabət” üzrə beynəlxalq konsensusda məruzə ilə çıxış edib
Bakı, 26 yanvar, AZƏRTAC
Rusiyanın Tula şəhərində “Pediatriyada respirator təbabət” üzrə VII Ümumtəhsil Beynəlxalq konsensus keçirilib.
AZƏRTAC xəbər verir ki, konsensusda pediatriyada vacib olan uşaqlarda respirator patologiyaların problemli məsələləri, o cümlədən kəskin respirator infeksiyalar, bronxial obstruksiya, birincili siliar diskineziya, tütünçəkmə, bronxial astma, hiperhəssas pnevmoniya, ambulator praktikada immunomodulyator preparatların tətbiqi, öskürək haqqında ətraflı məlumat verilib.
Beynəlxalq tədbirdə «Respirator Pediatrik Cəmiyyətin” pediatr və pulmonoloqların fasiləsiz professional təhsilində rolu haqqında da müzakirələr aparılıb, ayrı-ayrı mövzular üzrə çıxışlar dinlənilib, diskussiyalar aparılıb.
Konsensusda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Zemfira Quliyeva məruzə ilə çıxış edib.