MƏDƏNİYYƏT
Azərbaycanlı kinorejissorun filmi İsmailiyyə Beynəlxalq Kinofestivalının mükafatına layiq görülüb
Qahirə, 23 iyun, AZƏRTAC
Azərbaycanlı kinorejissor Hilal Baydarovun “Xurmalar yetişən vaxt” filmi iyunun 16-dan 22-dək Misirin İsmailiyyə şəhərində keçirilən 22-ci Beynəlxalq Sənədli və Qısametrajlı Filmlər Festivalının “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Süveyş kanalının sahilində keçirilən mükafatların təqdimatı mərasimində Misir, Suriya, İtaliya kino tənqidçiləri azərbaycanlı kinorejissorun mükafatını ölkəmizin Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimliyə təqdim ediblər.
Mərasimdə İsmailiyyə valisi Şərif Fəhmi Bişara, Misir Mədəniyyət Nazirliyinin müşaviri Xalid Əbdel Cəlil, tanınmış kinoaktyorlar və rejissorlar iştirak ediblər. Ərəb dünyasında ilk sənədli və qısametrajlı filmlərin festivalı olan İsmailiyyə Kinofestivalında bu il 44 ölkədən ekran əsərləri nümayiş etdirilib. Onların 8-i müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə