CƏMİYYƏT
Azərbaycanlı professor Rusiyada cərrahlar üçün ustad dərsləri keçəcək
Bakı, 5 sentyabr, AZƏRTAC
Sentyabrın 7-dən 9-dək Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində endoskopik cərrahiyyə üzrə II beynəlxalq konqres keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konqresdə yerli cərrahlarla yanaşı, qonşu ölkələrdən qonaq kimi gəlmiş cərrahlar üçün canlı əməliyyatlar və ustad dərsləri keçiriləcək. Endoskopik cərrahiyyənin ən mürəkkəb sahələri üzrə ustad dərsləri vermək üçün Fransadan, Almaniyadan dəvət edilmiş mütəxəssislər arasında azərbaycanlı professor Qurbanxan Müslümov da var.
Azərbaycanlı cərrah konqresdə canlı əməliyyatlarla yanaşı, iştirakçılar üçün cərrahiyyənin ən ağır problemləri olan qida borusu xərçəngi zamanı torakolaparoskopik cərrahi taktika, eləcə də yoğun və düz bağırsaq xərçənglərinin müasir müalicə üsulları barədə məruzələr oxuyacaq. Bununla yanaşı, həmyerlimiz konqresin bir neçə iclasına da sədrlik edəcək.