ELM VƏ TƏHSİL
Azərbaycanlı rəssamın Brüsseldə fərdi sərgisi açılıb
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) marketinq və kommunikasiya departamentinin əməkdaşı Seyran Cəfərlinin Belçikanın paytaxtı Brüsseldə fərdi sərgisi açılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Brüsseldə yerləşən Avropa Karikatura Mərkəzinin dəstəyi ilə təşkil olunan sərgidə S.Cəfərlinin beynəlxalq müsabiqələrdə uğur qazanmış 130-dan çox karikaturası nümayiş etdirilib. Böyük maraqla izlənilən karikaturalar əsasən sosial və ekoloji mövzulara həsr olunub.
Sərgi aprelin 8-dək davam edəcək.
Yaradıcılıq fəaliyyətinə 1982-ci ildə “Kirpi” jurnalında başlayan S.Cəfərli 2002-ci ildə Azərbaycan Karikaturaçılar Birliyini yaradıb. S.Cəfərli 42-dən çox beynəlxalq karikatura müsabiqəsinin münsiflər heyətinin üzvü olub. Onun beynəlxalq karikatura müsabiqələrində 1000-dən çox əsəri sərgilənib və albomlarda dərc edilib. O, 100-dən artıq beynəlxalq mükafata, o cümlədən BMT-nin xüsusi mükafatına layiq görülüb. S.Cəfərlinin Belçika, Türkiyə, Fransa və İranda fərdi sərgiləri təşkil olunub. Çin, Kolumbiya, Hollandiya, Yaponiya və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə isə karikaturaları sərgilənib.