CƏMİYYƏT
Azərbaycanlı stomatoloq beynəlxalq jurnalın redaksiya şurasına daxil edilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli Təbriz Tibb Universitetinin və İran Parodontologiya Akademiyasının rəsmi nəşri olan "Journal of Advanced Periodontology and Implant Dentistry" jurnalının redaksiya şurasına üzv qəbul olunub.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, elmi jurnal parodontologiya və implantologiya sahəsi üzrə kliniki, bioloji, mikrobioloji və immunoloji orijinal tədqiqatları və sistematik icmalları əhatə edir.
Dosent Cavid Əhmədbəyli bu ilin oktyabrında Tehran şəhərində İran Parodontologiya Akademiyasının təşkilatçılığı ilə keçirilən 19-cu beynəlxalq parodontologiya konqresinin plenar sessiyasında məruzə ilə çıxış edib.
Konqresdə Tehran və Təbriz Tibb Üniversitetlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib və həmin universitetlərlə Həkimləri Təkmilləşdirmə İnstitutu arasında mövcud əlaqələrin inkişafı və perspektiv planları, müştərək elmi tədqiqatların aparılması və tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.