CƏMİYYƏT
Azərbaycanlı stomatoloq beynəlxalq konfransda məruzə ilə çıxış edib
Bakı, 23 may, AZƏRTAC
Sankt-Peterburqda Rusiya Stomatoloji Assosiasiyası, Rusiya Parodontologiya Assosiasiyası və Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin birgə təşkilatçılığı ilə “Parodontologiyanın seçilmiş məsələləri” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli və Azərbaycan Tibb Universitetinin terapevtik stomatologiya kafedrasinın dosenti, Estetik Stomatologiya Assosiasiyasının sədri, tibb üzrə fəlsəfə doktoru Ramiz Əhmədbəyli həmin konfransda ölkəmizi təmsil ediblər.
Konfransda Cavid Əhmədbəylinin “Diş əti çəkilmələrinin müasir cərrahi müalicəsi” mövzusunda məruzəsi interaktiv diskussiyaların aparılmasına səbəb olub.
Tədbirin təşkilatçılarına bu il noyabrda Azərbaycan Parodontologiya Cəmiyyəti və Azərbaycan Estetik Stomatologiya Assosiasiyası tərəfindən Bakıda keçiriləcək “EstePerio2018” 3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi haqqında məlumat verilib.