MƏDƏNİYYƏT
Azərbaycanlı yazıçı Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub
Daşkənd, 28 oktyabr, AZƏRTAC
İsveçdə yaşayan azərbaycanlı yazıçı Eluca Atalı Daşkənddəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) olub.
AZƏRTAC xəbər verir ki, Eluca Atalı Azərbaycan səfirliyinin birinci katibi, AMM-in direktoru Samir Abbasovla görüşdə İsveçdə gördüyü işlər barədə məlumat verib. Həmçinin “Özünü gətir” kitabının Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində təqdimatının yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb. Görüşdə əməkdaşlığın yaradılması, birgə layihələrin həyata keçirilməsi haqqında da fikir mübadiləsi aparılıb.
E.Atalı Stokholmda Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti ilə bağlı müxtəlif yığıncaqlar keçirildiyini və bu tədbirlərə Azərbaycandan da qonaqlar dəvət edildiyini diqqətə çatdırıb.
Samir Abbasov Mərkəzin gördüyü işlərdən söhbət açıb, qonağı “Azərbaycan-Özbəkistan Dostluğu Muzeyi” və “Odlar Yurdunun naxışları” adlı xalça sərgisi ilə tanış edib. O, Şirvan, Qarabağ, İrəvan, Dərbənd, Quba, Naxçıvan, Qazax-Borçalı və digər ərazilərdə əllə toxunulmuş xalçalar haqqında məlumat verib. Qeyd olunub ki, ekspozisiyada Azərbaycana aid 20-dək qədim xalça sərgilənir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd