CƏMİYYƏT
Azərbaycanlı yazıçı-publisistin kitabı Almaniyada çap olunub
Bakı, 7 fevral, AZƏRTAC
Yazıçı-publisist Vüqar Dəmirbəylinin Azərbaycan nağıllarının motivləri əsasında yazdığı “Məlikməmmədin başına gələn inanılmaz əhvalat və başqa Azərbaycan nağılları” kitabı alman dilində nəşr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Alman-Azərbaycan Ziyalıları Birliyinin (AAZB) təşəbbüsü və təşkilatçılığı ilə Almaniyanın paytaxtı Berlindəki “Azərbaycan evində” kitabın təqdimatı olub, eyni zamanda, müəlliflə görüş keçirilib.
Görüşdə Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Rüfət Həmidov, alman ictimaiyyətinin nümayəndələri, o cümlədən şərqşünas alim, professor Udo Ştaynbax, Berlin Azad Universitetinin əməkdaşı Enrico Seevald və başqa ziyalılar, həmçinin soydaşlarımız iştirak ediblər.
AAZB-nin sədri Naibə Şirinova hər bir ölkənin təbliğində, dövlətçilik ənənələrinin tanıdılmasında, xalqın mədəniyyətinin qorunmasında ədəbiyyatın böyük rolu olduğunu qeyd edib. O, dastanların, əfsanə və nağılların hər bir xalqın ədəbiyyatında olduğu kimi, Azərbaycan ədəbiyyatının da mühüm hissəsi sayıldığını deyib. Daha sonra N.Şirinova qələmi ilə təkcə Azərbaycanda deyil, Almaniyanın ədəbi mühitində də tanınan Vüqar Dəmirbəylinin həyat və yaradıcılığından danışaraq yazıçının Frankfurtun Qrössen Van nəşriyyatında alman dilində çap olunan “Məlikməmmədin başına gələn inanılmaz əhvalat və başqa Azərbaycan nağılları” kitabı haqqında məlumat verib.
Görüşdə iştirak edən Qrössen Van nəşriyyatının nümayəndəsi və redaktoru Edit Engelman müəlliflə birgə işindən danışaraq kitabla bağlı təəssüratlarını bölüşüb. O, müəllifin Azərbaycan xalq nağıllarının motivləri əsasında yazdığı hekayələrin gözəlliyindən, dərinliyindən bəhs edərək Azərbaycan haqqında təsəvvürünün genişləndiyini qeyd edib.
Sonra müəllif Vüqar Dəmirbəyli kitabın yaranma ideyasından, gələcək planlarından danışaraq tədbir iştirakçılarına “Məlik Məmməd” və “Qız qalası” nağıl-hekayələrindən hissələr oxuyub.
Tədbirdə gənc soydaşımız Oqtay Bədəli və AAZB-nin üzvü Matias Volf kitabdakı “İlanlar padşahı” nağıl-hekayədən bir hissəni qonaqlara təqdim ediblər.