SİYASƏT
Azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmələr dəqiq sübutlarla ortaya çıxır - ŞƏRH

Bakı, 3 iyun, AZƏRTAC
Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmələr və cinayətlər hazırda dəqiq faktlarla, sübutlarla ortaya çıxır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
"Ümumiyyətlə, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, bütövlükdə cinayət faktlarının ifşa edilməsi ilə nəticələndi. Biz Qarabağda tədqiqatlar apardıqca burada Ermənistanın cinayət əməllərinin qalıqları ilə rastlaşırıq. Son olaraq Şuşa həbsxanası ətrafında edilən axtarışlar nəticəsində insan sümüklərinin tapılması növbəti erməni vəhşiliyinin təzahürüdür. Bütövlükdə Şuşa həbsxanası 30 il işğal boyunca və Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı həyata keçirilən vəhşiliklərin, qeyri-insani davranışların təəssüf olsun ki, mərkəzinə çevrilmişdi”, - deyə T. İsmayılov diqqətə çatdırıb.
Onun sözlərinə görə, Azərbaycan Ordusu Şuşanı azad etməklə həm də mənəvi baxımdan qələbə qazandı. Bu gün Şuşa ətrafında tapılan insan sümükləri və qalıqları Ermənistanın cinayətlərinin, ümumiyyətlə, onlara havadarlıq edən qüvvələrin insanlıqdan kənar davranışlarının növbəti sübutudur.
“Şuşa həbsxanasında insanlara qarşı edilən ağlasığmaz işgəncələr, onların vəhşicəsinə öldürülməsi tapılan sümüklərdə də bir daha sübut olunur. Bütövlükdə isə həm Fərruxda, həm daha əvvəl Edillidə tapılan kütləvi insan məzarlıqları Ermənistanın real mahiyyətini üzə çıxardı. Kəlbəcərdə Başlıbel ətrafında tapılan sümüklər də burada dinc insanlara qarşı həyata keçirilən soyqırımının mahiyyətini ifşa etdi. Çox böyük təəssüfedici məqam ondan ibarətdir ki, bu günə qədər beynəlxalq təşkilatlar Ermənistan tərəfindən həyata keçirilən bu cinayətlərə göz yumdu. Hazırda Azərbaycan işğaldan azad edilmiş bölgələrdə quruculuq işləri həyata keçirir və təbii ki, bu proses fonunda tədqiqatlar da davam edir. Füzulidə və digər bölgələrdə Ermənistanın törətdiyi cinayətlərin izləri ortaya çıxacaq. Hesab edirəm ki, beynəlxalq aləmdə vətəndaşlarımız da Ermənistanın azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin sübutu olan bu sümüklər və qalıqlarla bağlı geniş kampaniya aparmalıdırlar. Həmçinin Ermənistan qlobal öhdəliklər fonunda etdiyi cinayətə görə cavab verməlidir”, - deyə Tural İsmayılov vurğulayıb.