ELM VƏ TƏHSİL
Azərbaycanlıların Tbilisidəki “Varlıq” mədəniyyət mərkəzində alim F.Xubanlının yubiley tədbiri keçirilmişdir
Tbilisi, 10 noyabr (AZƏRTAC). Noyabrın 10-da azərbaycanlıların Tbilisidəki mədəniyyət mərkəzində pedaqoji elmlər doktoru professor Fərhad Xubanlının 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri mərkəzin və Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri şair Rafiq Hümbət açmış, alimin həyat və fəaliyyəti barədə toplaşanlara ətraflı məlumat vermişdir. O demişdir ki, Fərhad Xubanlı Gürcüstanın Kaxeti bölgəsində azərbaycanlıların ən çox məskunlaşdığı Qaraçöp mahalında dünyaya gəlmiş, ali təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikasının bir sıra ali məktəblərində çalışmış, sıravi müəllimlikdən professorluğadək yüksəlmişdir. F.Xubanlı bir çox kitabların, xeyli monoqrafiya və elmi məqalələrin müəllifidir.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi