İQTİSADİYYAT
Azercell “ İlin ən nümunəvi şirkəti” adını qazandı
Bakı, 17 dekabr, AZƏRTAC
Bu ilin nəticələrinə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən “Azercell Telekom” “İlin ən nümunəvi şirkəti” seçilib.
Dövlət Radiotezliklər İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Azercell” radiotezliklərdən istifadəyə görə bağlanmış müqavilənin tələblərinə uyğun fəaliyyət göstərir. Həmçinin, şirkət müqavilə əsasında tələb olunan ödənişləri vaxtında və tam yerinə yetirir.
Qeyd edək ki, “Azercell” indiyədək bir çox sahələrdə mükafatlar əldə edib və ölkəmizdə telekommunikasiya sahəsinin inkişafı naminə həyata keçirdiyi təşəbbüslərə görə “İlin şirkəti” Milli Biznes Mükafatına layiq görülüb. Şirkət müxtəlif dövrlərdə “İlin GSM operatoru” və “İlin xeyriyyəçisi” mükafatlarını da alıb. Mobil operator həm də beynəlxalq standartlar üzrə liderdir. Şirkət dəfələrlə nüfuzlu “Stevie” Beynəlxalq Biznes Mükafatına (Stevie International Business Awards) layiq görülüb.