İQTİSADİYYAT
“Azəri Mərkəzi Şərqi” layihəsinin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsi sənədi hazırlanıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə iş proqramı çərçivəsində “Azəri Mərkəzi Şərqi” layihəsinin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı hazırlanıb və dərc olunub.
AZƏRTAC BP-yə istinadla xəbər verir ki, şirkət AÇG-də hasilatın pay bölgüsü sazişi (HPBS) üzrə podratçı tərəflərin adından operator kimi elan edib.
“Azəri Mərkəzi Şərqi” layihəsi AÇG müqavilə sahəsinin işlənməsinin növbəti mərhələsini əks etdirir. ƏMSSTQ sənədində “Azəri Mərkəzi Şərqi” layihəsinin bütün fəaliyyətlərinin ətraf mühitə və sosial sahəyə potensial təsirləri araşdırılıb və tövsiyə olunan təsirazaltma tədbirləri təsvir olunub. Layihənin suyun təxminən 137 metr dərinliyində, “Mərkəzi Azəri” (MA) və “Şərqi Azəri” (ŞA) platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasından, 3 yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturdan, “Şərqi Azəri” platformasından “Azəri Mərkəzi Şərqi” platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelindən ibarət olması planlaşdırılır.
Layihənin ƏMSSTQ prosesinin ümumi məqsədi nəzərdə tutulan işlərdən yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyənləşdirmək və minimuma endirmək, mümkün olduqda isə aradan qaldırmaqdır.
Sənədin tam layihə variantı və qısa xülasəsi Azərbaycan və ingilis dillərində hazırlanıb və BP-nin www.bp.com/caspian saytında yerləşdirilib.