REGİONLAR
“Azərikimya” İstehsalat Birliyində 300-dək kimyaçı talassemiyalı xəstələr üçün qan verib
Sumqayıt, 7 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Dekabrın 7-də SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində talassemiyalı xəstələr üçün keçirilən növbəti qanvermə aksiyası başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Azərikimya” İB-nin dəvəti ilə Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 12 nəfərlik tibb briqada üç gün ərzində qanvermə aksiyası keçirib. Aksiyasının ilk iki günündə dekabrın 5 və 6-da Birliyin Etilen-polietilen zavodunun Etilen və Polietilen istehsalatlarından könüllü müraciət etmiş kimyaçılar müayinə edildikdən və səyyar laboratoriyada yoxlanıldıqdan sonra onların 150 nəfərindən qan götürülüb.
Aksiyanın üçüncü günündə isə Təmir-tikinti İdarəsinin və “Azərikimya” İB-nin baş ofisinin yüzdən çox əməkdaşı qan verib.
Bununla da üç gün ərzində “Azərikimya” İB üzrə 300-ə yaxın kimyaçı bu xeyirxah aksiyada iştirak edərək, talassemiyalı xəstələrə dəstək nümayiş etdirib.
Qanvermə aksiyasına “SOCAR-Polimer” MMC-nin və Karbamid zavodunun bir qrup əməkdaşı, “Sumqayıt” Peşəkar Futbol Klubunun və Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin nümayəndələri də qatılıb.
Qeyd edək ki, talassemiyalı xəstələr üçün qanvermə aksiyası “Azərikimya” İstehsalat Birliyində 2010-cu ildən bəri davamlı olaraq keçirilir.